Tipoqrafika mövzusunda oxumalı olduğunuz ilk 5 kitab

Tipoqrafika mövzusu zahirən asan görünə bilər. Amma qeyd edim ki, hər hansı tövsiyyəyə görə əldə edib, oxumağa başladığınız kitabı çox qısa zamanda yarımçıq qoya bilərsiniz. Çətin və anlaşılmaz terminlər, qəliz izahatlar və şərhlər sizi buna vadar edəcəkdir. Belə problemlə üzləşməmək üçün tipoqrafika sahəsini yeni araşdıranlara aşağıdakı 5 kitabı tövsiyə edirəm (xarici dil baryerini nəzərə almadan). Bu kitab reseptinə əməl etməklə birdən-birə qəliz kitabları açıb, elə oradaca bu işi yarımçıq qoymaq riskini aradan qaldırmış olacaqsınız.

1. Simon Garfield. Tam Benim Tipim

Tipoqrafikanı araşdırmağa isinmək üçün ideal başlanğıc. Kitabın dili olduqca əyləncəli, maraqlı və axıcıdır. Müəllif fərqli şriftlər, şrift dizaynerləri, onlar haqqında maraqlı məlumatları çox orijinal üslubda təqdim etməklə bu geniş dünyaya qapı açmış olur.

İngiliscə orijinalın adı — “Just My Type: A Book About Fonts” 

2. Jim Williams. Type Matters! 

Kitaba tipoqrafikanın qısa konspekti gözü ilə baxa bilərsiniz. Orijinal tərtibatlı çox geniş olmayan izahatlar və nümunələrlə bir sıra termin və anlayışları yadda saxlaya biləcəksiniz.

3. Эрик Шпикерманн. О шрифте 

Tipoqrafika dünyasının ən məşhur simalarından olan Şpikerman kitabında şrift, mətn tərtibatını mükəmməl obrazlar və bənzətmələrlə izah edir. Kitabın dili asandır, uzun mətnlər, yorucu izahatlar yoxdur.

İngiliscə orijinalın adı — “Stop Stealing Sheep & Find Out How Type Works”

4. А. Горбунов. Типографика и вёрстка 

Bu siyahımızda yeganə rəqəmsal kitabdır. Müəllifin dizayn studiyasının saytında abunəlik prinsipi ilə dizaynla bağlı fərqli kitabları əldə etmək mümkündür. Bu kitabda tipoqrafikanın bir sıra praktik prinsipləri maraqlı nünunə və qrafik təsvirlərlə şərh edilir. Hər bölmənin sonunda özünüzü test etmək imkanınız olacaq.

5. Ellen Lupton. Thinking with type 

İlk dördlükdən sonra nəhayət tipoqafika mövzusunda dərinliklərə doğru istiqamət almaq olar. Sadaladığım kitabı bu yolda ideal tramplin hesab edə bilərik. Tipoqrafikanın tarixi, işləmə prinsipləri, mikro və makrotipoqrafika mövzuları yorucu olmayan tərzdə, müasir nümunələrlə izah edilir. Kitabı tam anladıqdan sonra istənilən tipoqrafik ədəbiyyata müraciət edə bilərsiniz.

Tipoqrafikanı doğma dilimizdə oxuyub, araşdırmaq üçün yazdığım eyniadlı kitaba müraciət edə bilərsiniz.

Share