Qrafik və veb dizaynı haradan öyrənim?

müəllif: Rizvan Bağırlı
01 Dekabr 2018

Son zamanlar qrafik və veb dizayna maraq olduqca böyükdür və durmadan da artır. Bu maraqlı sahənin belə populyarlıq qazanması yeni başlayanlar arasında təbii bir sual yaradır — qrafik dizaynı öyrənmək üçün nə edim, hara müraciət edim? Suala cavab tapmağa çalışaq.

Qrafik dizaynla bağlı sosial şəbəkələrdə tez-tez bu suala cavab axtaran dizayn həvəskarlarına rast gəlirik. Məsləhət verənlər də insanı həddindən artıq fərqli istiqamətlərə yönləndirirlər. Kimsə youtube-dan kənara çıxmamağı, kimsə pullu alternativ video-təlim platformalarını qeyd edir. Bir qism də qrafik dizayer yetirşdirən fərqli təlim mərkəzlərimizi tövsiyyə edir. Bu məsləhəti istəyən insanın son qərarı mənə çox maraqlıdır )).

Bu tipli suallara birmənalı cavab vermək əslində çətindir. Bizim təcrübəli qrafik dizaynerlərimizin çox böyük əksəriyyəti qeyri-incəsənət (rəssamlıq) təhsili almış insanlardır. Burdan da aydın olur ki, qrafik və veb dizayn kimi müasir sahələrin ali məktəblərimizdə təhsili istənilən səviyyədə deyil. Deməli dizayner olmaq istəyən birini birbaşa hər hansı ali məktəbə yönləndirmək mümkün deyil (ümid edək ki, problem müvəqqətidir). Qalır 2 metod. Bu metodları bir az ətraflı müzakirə edək.

Əksəriyyətin tövsiyyə etdiyi Youtube, Udemy, Skillshare, Lynda kimi video dərslərin mövcud olduğu platformalar.

Youtube-dan istifadə pulsuz olsa da, digərləri pulludur. Bunların hamısından istifadə etmişəm və çox güclü kontentin olduğunu da vurğulamalıyam. Bir çox hallarda müəlliflər hazırlanan video materiallara çox profesional yanaşırlar. Seçdikləri mövzuları A-dan Z-yə sistemli şəkildə əhatə edirlər və beləcə istifadəçinin başında qaranlıq məqamlar qalmır. Amma video resursların çox böyük bir çatışmayan çəhəti var — videolardan qrafik dizaynı yox, əsasən proqramların mükəmməl istifadəsini öyrənirsən. Dizaynı öyrənmək üçün yenə fərqli saytlara, bloqlara və digər video dərslərə müraciət etmək lazım gələcək.

Dizaynı hansı ardıcıllıqla, hansı proqramla (soft yox, tədris proqramı) öyrənim? Səhvlərimi kim desin? Doğru yolu, optimal həlləri kimdən öyrənim?

Code Academy Qrafik Veb Dizayn

Bu suallardan sonra təbii ki, rahatlıqla ikinci metoda keçmək olar…

Qrafik və veb dizayn təlim-tədrisi verən mərkəzlər.

Bu tip mərkəzlərdə ilk öncə qrafik proqramların əsaslarını, ardınca da nəzəriyyə və praktik təlimləri mənimsəmək mümkündür. Özüm hazırda Code Academy-də qrafik və veb-dizayn üzrə tədris verirəm. Amma sosial şəbəkələrdə olduğu kimi özümüzü primitiv reklam edib, bizə gəlin demək fikrim yoxdur. Araşdırın, bu təlim mərkəzlərini gəzin, tanış olun. Son qərarınızı onsuzda bilirəm )))

Bu mərkəzlərin sayının getdikcə artması təbii ki, sevindiricidir. Rəqabət keyfiyyəti artırır. Tam səmimi deyirəm, 12 il əvvəl dizayna başlayanda belə bir modern mərkəzlər olsaydı tərəddüdsüz video-bloqları yox onları seçərdim (təbii ki, pulum olsaydı). 5-6 illik vaxtımı itirib, eksperimentlər apara-apara, səhvləri düzəldə-düzəldə dizayner olmaqdansa 5-6 aydan sonra dizayner olmaq ən azından çox böyük bir vaxt qənaətidir. Bundan başqa yuxaırda qeyd etdiyim kimi, vaxtında başımın üstündə duran, səhvlərimi elə yerindəcə göstərən müəllimimin olmasını çox arzu etmişəm. Məndə bu şans olmayıb. İndiki nəslin dizayner olmaq istəyən nümayəndələrində isə var. Biliyə, elmə qoymağa investisiya, imkan varsa məncə tərəddüdsüz ikinci metoda əl atın. Düzdür 6 ay sonra tam profesional dizayner olmaq mümkün deyil. Amma əvəzində vaxtilə bizlərin 5-6 il sonra gəldiyimiz səviyyəyə, indi bu metodla 5-6 aya gəlmək mümkündür.

 

 

son yazılarım