Qrafik dizaynerin yaralı yeri — portfolio

müəllif: Rizvan Bağırlı
07 Oktyabr 2018

Qrafik dizaynerin portfoliosu necə olmalıdır? Yaxşı portfolio üçün nə etmək lazımdır? Ümumiyyətlə portfolio nə üçündür? Bu tipli suallara cavab tapmağa çalışaq.

Dizayner kimi işlədiyim ilk gündən 4-5 il ərzində portfoliomu formalaşdırmağa çalışsam da, alınmadı. Üzərindən 10 ilə yaxın bir zaman keçdiyi üçün indi səbəbləri yadımda deyil. Amma çox güman ki, iş yerimi dəyişmək hələ ki, planlarımda yox idi ona görə də bu işə baş qoşmurdum.

2010-cu ildə Azercell qrafik dizayner vakansiyası olduğunu elan etdi. Mən də bir tanışımın məsləhəti ilə CV və portfoliomu toplayıb göndərdim. İlk portfoliom beləcə, tələm-tələsik dünyaya gəldi. Amma işlərimi hər hansı saytda və ya təqdimatda toplamamışdım. Sadəcə bir arxivə toplayıb, göndərdim. Çox maraqlıdır ki, Azercell də işləri bəyənib, müsahibəyə dəvət etdi.

İş elə gətirdi ki, bir neçə ay sonra Organic Ogilvy reklam agentliyində qrafik dizaynerlik fəaliyyətinə başladım. Orda çalışdığım 9 ay müddətində əvvəlkilərdən daha maraqlı və keyfiyyətli işlər görsəm də onları bir portfolio şəklində toplamadım. Təxminən 2011-ci ilin sonlarında McCann Baku reklam agentliyindəki ilk aylarda Behance-lə tanış olub, ən nəhayət hamı kimi portfolio səhifəmi açmağı qərara aldım. Keyfiyyətli və maraqlı hesab etdiyim işləri tədricən ora yükləməyə başladım.

O dövrdən 7 il ərzində çox böyük fasilələrlə Behance profilimə müəyyən işləri qoyub, bəzilərini aktual və keyfiyyətli olmadığı üçün çıxartdım. Bu illər ərzində təbii ki, portfolioya qarşı əvvəlki laqeydlik getməmişdi. Bu ilin əvvəlində isə tilsimi sındırmağa söz verib, portfolionu ayrı sayt kimi hazırlamağı hədəflədim və bu hədəfə çatmaq üzrəyəm. 2-3 ay ərzində son gördüyüm yaxşı işlərin siyahısını tutub, onların təqdimatlarını hazırlamağa başladım. Siyahıda 40-a yaxın iş olsa da hələlik sadəcə 20 işi hazırlayıb, yerləşdirə bilmişəm. Təbii ki, davamını gətirmək niyyətim var…

10 ildən çox müddətdə portfolio ilə yaşadığım bu macəralardan bəzi praktik nəticələr çıxarda bildim. Onları indi sizinlə rahat paylaşa bilərəm )

  1. Portfolio sayt və ya səhifə açmaq planlarını təxirə salmayın. Belə olanda arxayın ola bilərsiz, uzun müddət portfoliosuz qalacaqsınız. Lazım olanda isə çox sürətlə hazırlayacağınıza görə keyfiyyətdə problemlər olacaq.
  2. Portfolio saytını, behance və ya dribbble profilinizi açtıqdan sonra ora mütəmadi işlər yerləşdirin. Vaxt imkanlarına görə 1-2 həftədən bir mütləq yeni iş yerləşdirin. İşinizin keyfiyyətinə şübhə edirsiz və ya bu işlərin başqalarının işindən çox zəif olduğunu düşünürsüz? Belə kompleksləri atın getsin. İndi gözəl işlər qoyanlar da vaxtilə sizin kimi həvəskar birisi olub. Hazırda gördüyünüz, bacardığınz ən yaxşı işi portfolioya qoyun. Zaman keçdikcə daha yaxşı işləri əlavə edib, köhnə və zəif olanları ordan götürərsiniz. Ən əsası odur ki, portfolioya gedən işlərin arası kəsilməsin. İş qrafikinizdə buna mütləq zaman ayırın.
  3. Behance-də olan möhtəşəm təqdimatlı portfoliolar etalon olmasın. Orda bəzən elə portfolio işləri olur ki, böyük ehtimalla təqdimatın hazırlanması işin özünün hazırlanmasından daha çox vaxt aparıb. Bol vaxt və həvəsiniz varsa buyurun. Amma elə təqdimatları əsas alsanız, əmin olun ki, öz portfolio işinizi hər zaman zəif hesab edəcəksiniz. Bundan başqa portfolio digər dizaynerlər arasında öyünmək üçün deyil. Onun məqsədi potensial müştəri və ya işəgötürənə öz gördüyünüz işləri göstərməkdir. Ona görə də səhifəyə qoyacağınız portfolio təqdimatlarının çox “like” almaması və ya baxılmaması sizi həvəsdən salmasın. Vacib olan içi dolu portfolio səhifənizin olmasıdır.

Bu üç prinsipə əməl edildikdə, dizaynerin hər zaman əlinin altında aktual portfoliosu olacaq. Açdığım portfolio saytı bu formada davamlı yeniləyib, işlərimi bir dam altında toplamaq fikrindəyəm. Özümə referens olaraq Pentagram, Artlebedev, David Airey, yerli studiyalardan isə Paradox-u seçmişəm. Artlebedevi nəzərə almasaq digər saytlarda işlərin Behance-dəki təmtəraqlı təqdimatlardan fərqləndiyini görə bilərsiz. Dizaynlar cəmi 6-7 gözəl foto və ya mockup-la göstərilib. Artlebedev özü də əksər hallarda bu prinsiplə getsə də, bəzən istisnalar olur.

Biz dizaynerlərin bu yaralı yerini davamlı nəzarətdə saxlamaq lazımdır. Bir az şəkər xəstəliyinə oxşayır — xəstəlik deyil, həyat tərzidir. Ona uyğunlaşmaq lazımdır.

P.S. Yeri gəlmişkən bu problem bizim agentlik və studiyalarda da var. Axtarış verib, baxın. Bir qisminin saytı yoxdur, digəri isə uzun zamandır update edilmir.

Növbəti post Dinamik loqo
son yazılarım