Qrafik dizayn

Ön söz və ya bloq haqqında bir neçə kəlmə

Allaha şükür, təmbəlliyin daşını atıb şəxsi bloqumu işə saldım…

Bir neçə il əvvəl “azdizayner.com” adlı bloqu idarə edirdim. O saytda daha çox Corel Draw və Adobe Photoshop-la bağlı hazırladığım dərsləri yerləşdirirdim. Kifayət qədər də uğurlu alınmışdı. 2010-cu ildə MilliNet müsabiqəsində Bloqlar kateqoriyasında qalib gəldim. Amma heç bir il də keçmədi bloqun fəaliyyətini dayandırmalı oldum.

O vaxt saytı işlətməməyimə əsas səbəb vaxt çatışmazlığı idi. Sadə məqalələrdən fərqli olaraq müəllif dərslərini hazırlamaq kifayət qədər çətin və vaxt aparan bir işdir. Həmin dövrdə McCann Baku reklam agentliyində (o vaxt McCann Erickson Azerbaijan) təzə fəaliyyətə başlamışdım və işlərin çoxluğundan saytla ciddi məşğul ola bilmirdim. Passiv sayt vicdan əzabı verdiyi üçün onu bağlamaq qərarına gəldim. 🙂

O dövrdən təxminən 6-7 il keçib. Bu dövr ərzində internet texnologiyaları, qrafik dizayn proqramları sahəsində olduqca çoxlu dəyişikliklər baş verib. İndi hər hansı proqramı öyrənmək, qarşıya çıxan çətinlikləri aradan qaldırmaq olduqca asandır.

Bunun üçün heç youtube-dan kənara çıxmaq da lazım deyil. Dil biliyi məncə maneə ola bilməz. Çünki video dərslərdə müəllif danışmaqla bərabər həm də proqramda gördüyü işi nümayiş etdirir. Dərsləri istənilən dildə tapmaq mümkündür — ingilis, rus, türk hətta öz dilimzdə də video dərslər youtube-da mövcuddur. Məsələn, Corel Draw öyrənmək istəyənlər üçün axtarışlar: ingiliscə, rusca, türkcə və doğma azəricə.

Bunları nəzərə alıb bu dəfəki şəxsi bloqda daha çox qısa, faydalı məsləhətlər, qrafik dizaynla bağlı resurslar, qrafik proqramlar haqqında kiçik tryuklar (fəndlər) paylaşacam. Hələlik bloqla bağlı tam sistemləşmiş plan olmasa da, onu faydalı bir resursa çevirməyə cəhd edəcəm.

Saytda nə tipli materialların olmasını istərdiz? Bu barədə fikirlərinizi aşağıda şərh yazaraq bölüşə bilərsiniz. Qabaqcadan təşəkkürlər.

 

  • Nicat Seferli

    Salam. Yeni blogunda uğurlar və qeyd edim ki, həqiqətən tələbləri qarşılaya biləcək bir proyekte bənzəyir =) Öz adımdan deyim ki, dizayn aləminə girişlə başlayıb daha sonra bu sahənin çətinlikləri, gediş yolu, incə nüansları kimi mövzularla ümumi bir maraq yaratmağın xoş olardı. Əsasən də sırf Azərbaycandakı dizayn sahəsinə yönəlmək daha uğurlu olardı. Məsələn, mənim maraqlandığım bir mövzu dizayn deyilən bu böyük sahənin qollarıdı, yəni qaraqələm rəssamlığından tutmuş animatorluğa qədər uzanan fərqli perspektivli yönlərinin göstərilməsidir. Çünkü bizdə dizayn deyiləndə ya Graphic-Design, ya da reklam agentliyi ağıla gəlir, reallıq budur. Bəs başqa alternativlər?
    Bir daha uğurlar !

    • Salam Nicat. Ətraflı, maraqlı və təklif dolu cavaba görə təşəkkürlər. Mən də çox ümid edirəm ki, Allahın köməkliyi ilə faydalı bir proyekt alınar. Sadaladığın məqamları mütləq nəzərə alacam. )