Hər gün bir render
3D Qrafik dizayn Seçilmişlər

Hər gün bir render

Keçən il, yəni 2016-cı ilin əvvəlində Cinema 4D proqramı haqqında dünyanın ən məşhur bloqlarından olan greyscalegorilla.com saytında maraqlı bir məqalə gördüm. Əsas müəlliflərdən olan Nick Campbell “Gəlin birgə öyrənib, inkişaf edək” adlı yazı yazmışdı. Bu məqaləsində o 3D qarfikanı, Cinema 4D-ni daha yaxşı öyrənib, təkmilləşmək üçün maraqlı bir təklif verdi. Qarşımıza hədəf qoyuruq — hər gün bu proqramı açıb, eksperimentlər aparıb nəyisə öyrənirik və sadə də olsa bir render edib dostlarımızla paylaşırıq: İnstagram-da, Facebook-da, Tumblr-da və ya şəxsi saytda.

Bu “Daily Render” ideyası əslində yeni deyil. Daha əvvəllər də, özünü inkişaf etdirmək istəyən dizaynerlər, 3D vizualizatorlar, rəssam və fotoqraflar bu metodla öz hədəflərinə çatıblar. Məsələn, bunlardan ən məşhuru beeple ləqəbli 3d vizualizatordur. Adam nə az, nə çox — 10 ilə yaxındır ki, hər gün 3d renderlərini paylaşmaqla məşğuldur.

3D qrafika sahəsindəki biliklərimi artırmağa ciddi ehtiyacım vardı. Təmbəlliyin qarşısını da ancaq bu formada ala bilərdim. Ona görə də keçən ilin yanvar ayıının 8-də mən də qərara gəldim ki, bu metodla özümü məcbur edib, istədiyim nəticəni əldə edim. Bir il ərzində demək olar ki, hər gün müxtəlif dərslərə baxıb, digər 3D dizaynerlərin işlərini analiz edib, 3D renderlər hazırladım. Bir müddət sonra proqramın və ümumiyyətlə 3D qrafikada işıqlanmanın, modelləmənin, render, material və kamera parametrlərinin mahiyyətini başa düşmüş oldum. Bundan sonra iş bir az da asanlaşdı. Sadəcə ideya fikirləşmək və bunu reallaşdırmaq tələb olunurdu.

Bu missiyam bir ildən bir az uzun çəkdi. Məzuniyyət, rayon səfərlərim, Sahamt Olimpiadası vaxtı sıx iş qrafikim bir az gecikməyimə səbəb oldu :-). Amma əsas odur ki, Allahın köməkliyi ilə hədəfə çatdım.

Bütün renderləri Facebook səhifəmdəki albomda görə bilərsiniz. İşlərdən seçilmiş ən yaxşılarını isə Behance portfoliomda yerləşdirmişəm (birinci, ikinciüçüncü hissə). Baxın, fikirlərinizi və tənqidlərinizi paylaşın.