“Dizaynla redaktə” kitabı. Yan Uayt. Dizayner, art-direktor və redaktorlar üçün praktik dizayn.

müəllif: Rizvan Bağırlı
30 Oktyabr 2018

Qərara gəldim ki, qrafik dizaynla bağlı kitablar oxuduqca onlarla bağlı qısa şərhlər yazım. Açılışı Yan Uayt-ın “Dizaynla redaktə” kitabı oldu. Çoxsəhifəli çap materialları dizayı ilə məşğul olanlara faydası ola biləcək kitab haqqında ətraflı məqalədə.

İndiyə kimi 2 ya 3 dəfə ali təhsil məktəbləri üçün tələbə bileti dizaynı hazırlamışam. Hər dəfə də müştəridən eyni şərh almışam — “başlıqda olan Azərbaycan Respublikası Təhsil Nazirliyi… ifadəsini ortadan yazın!” )). Bu qədər təsadüf ola bilməz. Bu ortaqlığın bir sirri olmalı idi, amma heç cür tapa bilmirdim. Ən nəhayət, “Evrika!”. Tapıldı. Səbəbkar da Yan Uayt-ın “Dizaynla redaktə” (Editing by Design. Jan White) kitabı oldu.

Əvvəl başlığı belə veririk, sonra müəllimlər düzəliş tələb edir )

“Bax bu başqa məsələ. Başlıq ortadan yazılmalıdır”

Kitabın bir bölümündə müəlif mətnin ortadan yazılmasının mənfi tərəflərini izah edirdi. Girişə də məktəb xatirələri ilə başladı. Müəllimlər lövhədə və ya dəftərdə başlığı necə yuxarıda ortada, böyük hərflərlə yazdırırdılar, sonra bir neçə sətir boşluq buraxdırıb yazıya necə davam etdirirdilər və s. Bu yazıları görəndə başa düşdüm ki, kitabı elə ancaq buna görə oxumağa dəyərdi )))) Hazırlanmış vəsiqələrə şərh verən adamlar eyni tipoqrafik məktəbi keçib. Hətta biz hamımız bu tipoqrafik təhsili almışıq. Ona görə də dizayna yeni başlayanda başlıqları bir qayda olaraq ortadan, böyük hərflə yazırıq. Sonra tədricən başa düşürük ki, qrafik dizaynda bu bir o qədər də bəyənilmir.

Yeri gəlmişkən bunun ən əsas səbəbini izah edim. Səhifədə yazılan mətn blokları ya sol tərəfə bərabərlənir, ya da full justify (yəni mətn blokunun hər iki tərəfi bir düz xətt üzrə bərabər olur). Mətn bir qayda olaraq soldan sağa oxunduğuna görə ortada yazılmış başlıq və yarımbaşlıqlar isə hər dəfə oxuma prosesini, ritmi pozur. Buna görə də tövsiyə edilən odur ki, başlıq mətni də sol tərəfə bərabərləşsin (left align). Rəsmi məktub, təntənəli dövlət səviyyəli sənəd və ya plakatlar, tam simmetrik dizaynda olan kiçik ölçülü mətn blokları bəzən mərkəzə bərabərləşə bilər. Bunlar təbii ki, istisna hallardır.

Kitaba gəldikdə… Oxumağa dəyər. Mən özümə maraqlı qeydlər götürə bildim. Oxuyan hər kəsə az da olsa faydalı olacaq.

Xüsusən də siz jurnal, qəzet, çoxsəhifəli broşur, kataloq və s. kimi işlər görürsüzsə ən azından bir dəfə oxumalısız. Tipoqrafika kimi ağır mövzuya girişmək üçün əvvəl daha asan kitablardan başlamaq lazımdır. İlk oxuya biləcəyiniz kitablardan biri də Yan Uayt-ın bu kitabı ola bilər. Mətn, başlıqlar, yarım-başlıqlar, şəkil və illustrasiyalar, boşluqlar, səhifə strukturu, diaqramlar, üz qabıqları (cover) və s. mövzulardan ibarətdir. Müəllif fikirlərini mümkün qədər sadə dildə izah edib və maraqlı skeç tipli illustrasiyalarla göstərib.

Müəllifin bəzi fikirlərini qayda kimi yox, sadəcə subyektiv, təcrübəsinə əsaslanan fikir kimi qəbul etmək lazımdır. Rənglər mövzusuna da bir bölmə ayrılıb və kitabın yeganə rəngli səhifələri elə burdadır.

Kitabı oxuduqca özümə lazım olacaq məqamları qeyd etmişəm, vaxtaşırı vərəqləyib yada salmaq çətin olmayacaq.

Mənə görə kitabın iki əsas mənfi cəhəti var. 1 — kitabın öz verstkası (səhifələrin dizaynı) çox səliqəsizdir. Bəzi nadir sahifələrdə səliqəli olsa da, əksəriyyətində ciddi problemlər çoxdur. 2 — üz qabığın materialı. Son vaxtlar deyəsən bu tipli yumşaq, ləkə götürən, mat (parlaq olmayan) laminasiya örtüklü üz qabıqları dəbdədir. Başqa kitablarda da bunu görmüşəm. Bəlkə açıq rənglərdə bilinmir, amma bu qara üz qabığında ləkə izləri çox nəzərə çarpır. Kiçik də olsa bir mənfi xüsusiyyət kimi qeyd edim.

Bundan sonra bloqda qrafik dizaynla bağlı kitablara geniş olmayan şərhlər yazmağı planlaşdırıram. Ümid edirəm faydası olar.

Kitabı ozon.ru-dan sifariş vermişdim. Amazondan da ingilis versiyasını əldə etmək mümkündür.

Редактируем дизайном. Ян В. Уайт

Editing by Design: For Designers, Art Directors, and Editors. Jan White

Əvvəlki post Dinamik loqo
son yazılarım
30 Oktyabr 2018