Qrafik dizayn

Dizayner səliqəsi. 1-ci hissə. Qovluq və fayllarla iş

Dizayner bütün günü səliqə-səhmanla məşğuldur. Dizaynı maksimum gözəlləşdirməyə çalışır, rənglərlə, formalarla, şriftlərlə eksperimentlər aparır. Sonda qane olduğu nəticəni tapıb işi tamamlayır. Amma bütün bunların fonunda çox vaxt dizaynerin özünün iş yerini də səliqəyə salan lazımdı. İş yeri dedikdə təbii ki, işlədiyi otağı, kabineti, stolunun üstünü nəzərdə tutmuram. Bu 3 hissəlik yazımda qrafik dizaynerin kompyuterindəki fayllar və qovluqlarla (papkalarla), yazdığı e-mail-lərlə rəftarı haqqında söhbət etmək istərdim.

Yuxarıda da qeyd etdim ki, çox vaxt dizaynerin öz işlədiyi yeri, kompyuterini səliqəyə salmaq lazımdır. Çünki o, hər hansı layihə üzərində işləyəndə faylları elə ekranda (dekstopda) da saxlayır. Faylın adı əksər hallarda qısa, heç bir məna verməyən bir ad olur. Günün birində bu dizayner xəstələnir, işi çıxır və işə gələ bilmir. Onun işlədiyi son faylı isə müştəriyə göndərmək lazımdır. İş yoldaşı açır dizaynerin kompyuterini və desktopda olan sonsuz fayldan diksinir. Gəl indi bu xaosun içindən lazım olan faylı tap. Bu tipli situasiyaların siyahısını fərqli misallarla uzada bilərəm.

Belə problemlərin olmaması üçün yaxşı olar ki, kompyuterdə ayrıca iş qovluğu, onun içində hər müştərinin ayrıca qovluğu olsun. Bu qovluqda isə layihələrə, işin mahiyyətinə görə fərqli qovluqlar olacaq. Dediklərimi konkret misalla izah etməyə çalışım.

İlk olaraq ayrıca Work qovluğu yaradıram. Burada da müştərinin adını qeyd etməklə, Bakcell qovluğu hazırlayıram: D diski — Work — Bakcell…

Bakcell Folder

İşlədiyim layihənin adına uyğun növbəti folderi də burada yaradıram. D diski — Work — Bakcell — Bax Neler Mumkundur… Səbrli olun az qaldı. Bu proyekt vaxtı bir çox reklam materialları hazırlanmalıdır. Bilbordlar, posterlər, laytbokslar, müxtəlif outdoor və çap reklam materialları və s. Bütün bu faylların hamısını bu qovluğun içində saxlasaq yenə kiçik qarışıqlıq əmələ gələcək. Ona görə bunların hər birinə görə ayrı folder hazırlasaq daha səliqəli olar. D diski — Work — Bakcell — Bax Neler Mumkundur — Billboard…

Bu qovluqda da iş prosesi zamanı hazırlanan faylları Process qovluğunda, müştəri tərəfindən təsdiqlənmiş və çapa hazırlanmış faylları da Print və ya Prepress qovluğunda saxlayıram. İş prosesində lazım olan fərqli sənədləri, faylları da Files qovluğuna qoyuram.

Ümumi sadaladığım struktur aşağıda çəkdiyim kimi olacaq.

Folder-Structure

İlk baxışdan çox uzun gələ bilər — bu nədire qovluq içində qovluq, qovluq içində qovluq… Amma inanın iş prosesində həm dizaynerə, həm də komandanın digər üzvlərinə bu formada işləmək çox rahat olacaq. Dizayner olmadıqda belə digər bir əməkdaş kompyuteri açıb asanlıqla lazım olan materialı tapa biləcək.

Faylın adını qoyduqda da məntiqli, başa düşülən bir ad qoymağa çalışın. İşlədiyiniz iş müştərinin şərhlərindən sonra bir neçə dəfə dəyişiləcək, düzəlişlər olunacaq. Hər dəfə eyni fayl üzərində işləməyin. Versiya 1-1, 1-2… formasında fərqli fayllarda saxlayın ki, birdən müştəri fikrindən vaz keçib daha əvvəl hazırladığınız variantı istəsə o da əl altında olsun.

Yuxarıda göstərdiyim qayda ideal bir qayda deyil. Hər kəs fərqli prinsiplə işləyə bilər. Əsas odur ki, dizaynerin əlinin altında da səliqə-səhman, sistemlilik olsun. Bu sistemi təkcə qrafik dizaynerlər və ya reklam işçiləri deyil, istənilən kompyuter istifadəçisi tətbiq edə bilər.

Növbəti dəfə isə  Photoshop-da Layer-lə iş haqqında fikirlərimi paylaşacam. Bəs siz hansı formada işləyirsiz? Öz fikirlərinizi bölüşün, müzakirə edək.

P.S. Yazıda qovluq sözü çox təkrarlanmasın deyə, bəzən “folder” istifadə etmişəm.

  • feridaydin

    Amma mən həmdə məsləhət görərdim ki həmin “Work” qovluğunu hansısa bir cloud papqasına atsaz daha yaxşı olar (eyni mənim kimi) çünki dizayner xəsdələnib işə gedə bilməsə belə evdən həmin lazım olan faylı müştəriyə ata bilər 🙂

    • Ən idealı məhz budur )) Amma ağır dizayner faylları üçün Pro cloud-dam istifadə etmək lazım gələcək. Bu isə hamıda alınmır

  • Qeyd edilən bütün məqamlar ilə razıyam. 5 ilə yaxındır ki, bu strukturun alternativindən istifadə edirik və bu artıq bizdə korporativ standarta çevrilib. Təhlükəsizlik və əlçatanlıq məqsədi ilə isə faylları daxili şəbəkəyə qoşulu NAS cihazında saxlayırıq və bütün faylların ehtiyat nüsxəsi Amazon S3 sistemində saxlanlır, bundan əlavə ən son layihələr ofisdən kənar istifadə üçün Dropbox ilə sinxronizasiya edilir.

    • Alternativlər kifayət qədərdir. Bir çox tanışımın da istifadə etdiyi bir sistem də var xoşuma gəlir, amma mən uyğunlaşa bilmədim. Müştəri — Proyekt —… papkasının içində fayllar, fayl tipinə görə sortlaşdırılır. PSD, Aİ, TİFF, PDF papkaları yaradıb, faylları uyğun olaraq bura qoyurlar.

      Daxili şəbəkədə arxivləşdirmə təbii ki, mütləqdir. Görünən odur ki, Cloud sistemi də indi olmazsa olmaza çevrilib )

      • Bir variant daha ağlıma gəldi. Mac OS-də olan tag özəlliyindən istifadə etmək olar, daha səliqəli tərtibat yaratmaq üçün. Bundan əlavə bir dostum hər müştərinin qovluğuna onun logosundan icon hazırlayıb istifadə edirdi ki, asan tapsın… 🙂

  • Dr. ELM

    Önəmli mövzudur, iki məsləhətim var:
    1. Sizə olan məsləhətim: mətnin başlığındakı PlayFair fontunda “ə” hərfi səliqəli deyil. Səliqəli olan variantı buradan endirib istifadə edə bilərsiniz: http://fontlar.info/index.php/ready/367-playfair-display
    2. Windows istifadəçilərə məsləhətim: Everything proqramını qurun, fayllarınızı Google kimi sürətli tapmaq imkanınız olacaq.

    • Şriftlə bağlı təklifə görə çox sağ olun, mütləq yoxlayacam. 🙂