Dinamik loqo

müəllif: Rizvan Bağırlı
18 Oktyabr 2018

Dinamik loqo, dinamik korporativ kimlik günbəgün aktuallıq qazanır. Brendi rəngarəng, uzun müddət dəbdə saxlayan bu dizaynlar haqqında ətraflı məqalədə müzakirə aparaq.

Flat dizayn qrafik dizayn dünyasını çox qarışdırdı. İşin yaxşı tərəfləri çox olsa da bəzi problemlər də yarnmağa başladı. Bunlardan da biri çoxsaylı flat iconlar, simvollar hər tərəfi zəbt elədi. Əvvəllər iconlar daha çox illustrasiya formasında, çox detallı, fotorealistik, 3d olurdusa indi iconlar loqo simvollarını xatırladır. Sadə, 1-2 rəngdən ibarət, kiçik ölçüdə də oxunaqlı, qradientsiz və s. kimi klassik loqo dizayn qaydalarını özündə cəmləşdirir. İndi pullu-pulsuz icon saytları, stock banklarda haqqında danışdığımız simvollar yəqin ki, 100 minlərlədir.

Digər tərəfdən də foto-stock, loqo-stock saytlarında hər gün minlərlə konsept loqolar, simvollar satışa çıxarılır. Buna görədir ki, brendinq işi gördükdə getdikcə unikal simvol fikirləşmək əməlli-başlı problemə çevrilir. Təsadüfi deyil ki, sosial şəbəkələrdə iş paylaşdıqda canlı online scaner-lər o dəqiqə işin plaqiat olduğunu sübut etmək üçün internetdən tapdıqları icon və ya simvolları ortaya atırlar )

Bəlkə də bütün bunlara görədir ki, dinamik loqolar, dinamik korporativ kimlik (üslub) son zamanlar getdikcə daha aktual olmağa başlayıb. Hərçənd dinamik korporativ kimlik dizaynının yaşı o qədər də az deyil. Ötən əsrin məşhur dizayner, tipoqraflarından olan işveçli Karl Qerştnerin təxminən 1960-cı ilə aid olan bu işində simvolun dinamik olduğunu görmək mümkündür. O loqonun dinamikliyini korporativ kimlikdə əks etdirib.

1981-ci ildə Manhattan Design MTV üçün dinamik, loqo konteyneri hazırladı. Loqo foma olaraq dəyişilməsə də, daxilinə yerləşdirilmiş foro və illustrasiyalarla sonsuz sayda variant yaranırdı.

Bu tərzin geniş yayılmasında şəhərlərin brendinqinin də rolu az deyil. Wolf Olinsin hazırladığı New York City və Landor-un hazırladığı City of Melbourne brendinqi buna əyani misal ola bilər.

Bu tip loqolar müxtəlif metodlarla hazırlana bilər. Ən geniş yayılmış versiya yəqin ki, yuxarıdakı nümunələrdən də göründüyü kimi konteyner metodudur. Bu halda simvol və ya loqo formasını əsasən dəyişmir, onun daxilində olan fərqli foto, illustrasiya, pattern-lər brendə dinamika qatır.

Digər çox tətbiq edilən metodda isə loqonun əsas hissəsi statik qalır (məsələn tipoqrafik hissə), onun arxa fonu dinamik olur. Bu tipli dizayna yenə Wolf Olins-in müəllif olduğu Aol brendinqini nümunə göstərmək olar.

Bəzən də loqonun simvolu tamamilə dinamik olub fərqli şəkillər alır. Təbii ki, bu fərqlilik hər zaman müəyyən ideyaya əsaslanır. Aşağıda gördüyünüz Casa De Musica loqosunu Portuqaliyanın bir konsert zalı üçün hazırlanıb. Simvol dinamik olub, zalın fərqli tərəfdən görünüşünü xatırladır.

Bu tipli loqoların dinamikliyi ümumi brendə də dinamika qatır. Brend uzun müddət fərqli, rəngarəng, darıxdırıcı olmayan bir tərzə sahib olur.

Dünyanın məşhur dizayn studiya, agentliklərindən olan olan Wolf Olins, Landor, Pentagram-ın portfoliolarında vaxtaşırı dinamik loqo dizaynlarına rast gəlmək mümkündür. Rusiyada bu iş yəqin ki, ən yaxşı Denis Başev-də alınır. Onun eksperimentlərinə, forumlarda bu barədə çıxışlarına youtube-da axtarış verib, mütləq baxın.

Sevindirici haldır ki, yerli bazarımızda da bu tipli işlərə rast gəlmək mümkündür. Paradox-un BLG dizaynı, Kənan Nəsibov və Şamil Əsgərovun hazırladığı Olive Project loqosu belə işlərdəndir.

Keçən il hazırladığım Agrocenter — Azərbaycan Kənd Təsərrüfatı Təlim və Tədris Mərkəzinin loqosu və korporativ tərzi də dinamikdir. Müştərinin müasir və konseptual ideyalara açıq olması bu işin ərsəyə gəlməsində böyük rolu oldu. Konseptin ideyası, yaranmna səbəbini, hazırlanmnış dizaynları layihənin saytdımda yerləşdirdiyim səhifəsindən və ya Behance portfoliomdakı səhifədən görə bilərsiniz.

 

son yazılarım
18 Oktyabr 2018