Photoshop Qrafik dizayn

Çap reklamı dizaynının düzgün uyğunlaşdırılması (adaptasiyası)

Hər hansı çap reklam materialı reklam agentliyi tərəfindən hazırlandıqdan sonra bu iş fərqli ölçülərə, formata adaptasiya olunmalıdır. Çox vaxt bu işi elə reklam agentliyi görsə də, bəzən də müştəri öz üzərinə götürür. Elə bu andan sonra da agentliyin qorxulu anları başlayır…

Çünki adaptasiya ilk baxışdan asan görünsə də kifayət qədər çətin və məsuliyyətli işdir. Fikirlərimi konkret bir misal üzərində göstərəcəm. Tutaq ki, hər hansı kampaniya üçün belə bir poster hazırlanıb. İndi bu posterin bilbord formatına (6×3 m) uyğunlaşdırılması lazımdır.

Çox vaxt bu işi görəcək dizayner ən primitiv addımla işi həll etməyə çalışır. Posterdəki elementləri götürüb bilborda uyğun kiçildir.

Foto şaquli (vertikal) olduğu üçün də təbii olaraq kənarlarda arzuolunmaz boşluqlar qalır. Vizualın əsas elementi olan telefon əvvəlki kimi dramatik, böyük, diqqətçəkən görünmür. Bu varianta ən son halda getmək olar. Amma ilk olaraq daha effektli variantları axtarıb tapmaq lazımdır.

Əvvəla çalışmaq lazımdır ki, əsas dominant obyekt öz dominantlığını itirməsin. Mümkün qədər əvvəl olduğu kimi dramatik, böyük görünsün. Telefonun bütöv görünməsi mütləq deyil. Düzgün kəsilmiş (crop edilmiş) foto sayəsində istədiyimiz böyüklük qalır, telefonu xatırladan elementlərin kadrda qalması isə onun tanınmasına kömək edir. Reklam mətninin bir hissəsinin telefon üzərinə çıxması isə kompozisiyada bir bütünlük yaradır.

Beləliklə qoyulmuş tapşırığın öhdəsindən daha effektiv şəkildə gəlmiş olduq — mesaj aydın oxunur, obyektin şəkli kifayət qədər böyükdür və ən əsası kompozisiya da pis görünmür. İlk dizayn versiyası ilə qənaətlənmək düz deyil. Əgər vaxt problemi yoxdursa o zaman alternativ maketlər üzərində eksperiment aparıb optimal variantı tapmaq lazımdır. Elə mətn və fotonun yerini və ölçülərini fərqli formada verməklə bir neçə alternativ maket əldə etmək mümkündür.

Reklam işlərinin adaptasiyası zamanı sizin də qarşısınıza çıxan problemlər və onların həll yollarını bilmək maraqlı olardı. Təşəkkürlər.

  • Dr. ELM

    Hər bir qrafik dizayner bir az da fotoqrafçılıqdan da anlayışı olmalıdır. Misal üçün qeyd etdiyiniz kəsmək (crop) işləri daha çox fotoqrafçılıqdan gələn qaydadır. Düzgün kəsmək qaydaları ilə buradan tanış olmaq olar: http://digital-photography-school.com/good-crop-bad-crop-how-to-crop-portraits/

    • Mən razı. Crop etmək bir az təcrübə, fotoqrafıq tələb edən işdir. Ona görə də dediyiniz kimi dizayner həm fotoqraflıqdan, həm də primitiv olsa da rəsm çəkməkdən baş çıxartmalıdır. İşıqlanma, kölgə kimi əsas prinsipləri bilməlidir. Yeri gəlmişkən Digital Photography School bir vaxtlar ən sevimli bloqum olub )