Axtar. Öyrən. İrəlilə.
Qrafik dizayn

Axtar. Öyrən. İrəlilə.

3 sentyabrda çoxdan gözlənilən Graphic Design Azerbaijan qrupunun təşkil etdiyi sayca 4-cü Azərbaycan Dizaynerlər Forumu baş tutdu. Spiker kimi çıxış edib, təcrübələrimi, apardığım eksperimentləri həmkarlarımla bölüşmək çox gözəl tərcrübə oldu.

Foruma dəvət alandan dərhal sonra hansı mövzuda çıxış edəcəyimi planlaşdırmağa başladım və bu proses uzun sürmədi. Təqdimatın əsası keçən bir il ərzində “Daily Render” layihəsi çərçivəsində gördüyüm işlər, keçdiyim mərhələlərdən ibarət idi.

Forumdakı təqdimatı, orda danışdığım mövzunu təkrarlamaq istəməzdim. Amma təqdimatla və orada toxunduğum resurslarla bağlı bəzi suallar yaranıb ki, istərdim bu yazıda qısa da olsa bu məsələyə toxunum.

 

Cinema 4d proqramını haradan öyrənmək olar?

Təqdimatda qeyd etsəm də, bu sualı sonradan soruşan oldu — Cinema 4d proqramını haradan öyrənmişəm. Ən çox faydalandığım resurs greyscalegorilla.com saytı oldu. Bu saytda Cinema 4d proqramının əsaslarından tutmuş, animasiya, interyer modelləməsi, məhsul renderlərinin hazırlanmasına qədər fərqli mövzulu dərslər mövcuddur. Təbii ki, Youtube-da kifayət qədər keyfiyyətli dərslər var və onlar da faydalandığım resurslar arasında oldu.

greyscalegorilla
greyscalegorilla.com

 

dailyui.co

Veb sayt və mobil tətbiqlərin interfeys dizaynları ilə məşğul olmaq istəyən dizaynerlərimiz üçün maraqlı bir resurs. Bu saytda qeydiyyatdan keçib, hər gün UI (User Interface) dizaynı ilə bağlı tapşırıq əldə edəcəksiniz. Resursun müəllifləri hazırladığınız dizaynların dribbble.com və twitter-də payşalmağınızı tövsiyyə edəcəklər. Amma bu mütləq deyil. İşlərinizi Facebook və ya İnstagram səhifənizdə də paylaşa bilərsiniz.

Şənbə və bazar günləri tapşırıqlar olmayacaq. Əgər hər hansı səbəbdən yerinə yetirmədiyiniz tapşırıqlar varsa bu günlərdə həmin işləri görə bilərsiniz. Beləcə qrafikdən çox geri qalmayacaqsınız. Çünki təcrübəmdən deyə bilərəm ki, bir-iki gün laqeydlik edib işləri ötürsəniz bu davamlı hal alacaq ;-). Hər dəfə tapşırıqlara başlamazdan əvvəl yaxşı olar ki, dribbble-də və ya bu saytda digər dizaynerlərin tapşırığı necə etdiklərinə nəzər salasız. Mail-ə gəlmiş tapşırıq aydın olmayanda da bu kəşfiyyatlar işinizə yarayacaq.

Hal-hazırda özüm də bu layihədə iştirak edirəm. Hazırladığım işlərə dribbble portfoliomda baxa bilərsiniz.

P.S. Dribbble-də portfolio açmaq istəyənlərə onu deyim ki, qeydiyyatdan keçsəniz belə profilinizə iş yükləyə bilməyəcəksiniz. Bunun üçün bu resursun istifadəçilərindən biri sizə dəvət göndərməlidir. Belə dəvətlər isə hər istifadəçidə olmur. Saytda “invite”, “invitation” açar sözlərini daxil edib son postlara nəzər salın. Dəvəti olan istifadəçilərin öz tələbləri olur. Adətən onlar sizin portfolionuzu və ya 1-2 ən yaxşı işinizi sizdən tələb edəcəklər.

 

36daysoftype

Zəhmət olmasa Behance-də bu açar sözü axtarışa verib nəticələrə baxın. Layihə saytında verilən məlumata görə artıq 4 ildir yanvarın 1-dən başlamaqla 36 gün davam edən bu layihədə on minlərlə iş hazırlanıb. Təkilf edirəm azəri dizaynerlər olaraq növbəti ilin əvvəlində biz də bu layihəyə qoşulub aktiv iştirak edək. İnanın inkişafımız üçün bu 36 gün çox faydalı olacaq. Dizayner, fotoqraf və rəssamlarımızın bu layihə çərçivəsində gördükləri işləri bir araya toplamaq üçün sayt və ya ən azından vahid bir hashtag də fikirləşmək olar. Yanvarın 1-nə kimi vaxtımız var.

36daysoftype
36daysoftype

 

Unutduğum, toxunmadığım məsələ varsa soruşun, məmnuniyyətlə cavablayım.

P.S. Sonda onu da qeyd edim ki, təqdimatın adını hazırda işlədiyim McCann Baku reklam agentliyinin Bakcell üçün hazırladığı reklam rolikindən götürmüşəm — Bax nələr mümkündür. Məncə rolikin sözləri daha çox biz dizaynerlərə ünvanlanıb 🙂