02. Tipoqrafika haqqında 10 ən yaxşı kitab

müəllif: Rizvan Bağırlı
12 İyul 2020
Tipoqrafika mövzusunda ən yaxşı kitablar

Tipoqrafik savadını artlrmaq, bu sahədə kitab oxumaq istəyənlər üçün seçdiyim 10 ən yaxşı kitab və onlar haqqında kiçik qeydlər

Qrafik dizaynda savadımızı artırmaq istəyiriksə bu prosesin mərkəzində tipoqrafika durmalıdır. Müasir qrafik, UI dizayn az qala 70-80% tipoqrafikadan ibarətdir. Buna əmin olmaq üçün Behance-də seçilmiş top işlərə nəzər salaq. Brendinq, nəşri dizayn, veb saytların əksərində dominant obyekt mətn olacaq. Demək ki, mətni gözəlləşdirə bilsək əsasən dizaynımızı gözəlləşdirmiş olarıq.

Savad artımı isə təbii ki, kitablarsız mümkün deyil. Tipoqrafika haqqında kitablar, onlayn resurslar, bloq yazıları həddindən artıq çoxdur. Buna görə də müəyyən top-list tərtib etmək çox çətin prosesə çevrilir. Bu siyahıda isə sadəcə öz oxuduğum və bəyəndiyim top 10-luğu göstərirəm. Kitabxanamda olan və hələ oxumadığım kitablar təbii olaraq top 10-luqda yoxdur. Onları da oxuduqca haqqında öz fikirlərimi və tövsiyələrimi yazacam.

Siyahıya rus, ingilis və türk dilində kitablar daxil edilib. Azərbaycan dilində isə tipoqrafika haqqında hələlik yeganə və ən güclü kitab “Əlifba” kitabıdır ). Buyurun, siyahıyla tanış olaq.

1. “Tam Benim Tipim”. Simon Garfield.

Siyahıdakı türk dilində yeganə kitab. Əslində bu kitabı tam tipoqrafika haqqında kitab olaraq qəbul etmək düzgün olmaz. Amma tipoqrafika kimi qəliz mövzuya girişmək üçün ideal vasitədir. Kitabın dili çox orijinal, məzəli, nağıl, hekayə tərzindədir. Məhşur şriftlər, onların müəllifləri, yaranmaları, onlar haqqında maraqlı faktları axıcı bir dildən oxumuş olacaqsız. Orijinal adı: “Just My Type”

2. “О шрифте”. Эрик Шпикерманн.

Qızışma hərəkətlərindən sonra artıq ciddi kitablara müraciət etmək olar. İngiliscə versiyası — “Stop Stealing Sheep”. Məhşur Meta şriftinin müəllifi, qocaman alman dizayner və tipoqrafının yazdığı bu kitabın da dili çətin deyil. Tələbələrimdən biri kitab görən kimi içində şəkillər axtarırdı. Əgər siz də kitabda şəkil axtaranlardansınızsa bilin ki, içində bol foto var. Az qala bütün kitab boyu qoşa səhifələrin bir tərəfi foto, digər tərəfi isə mətndən təşkil edilib. Müəllif bir çox tipoqrafik mövzuları real həyatdan nümunələrlə, obrazlı müqayisələrlə yaddaqalan və anlaşılan hala gətirir.

3. “Живая типографика”. Александра Королькова

Circe, PT Sans, PT Serif kimi məhşur fontların dizayneri tərəfindən yazılmış bu kitab tipoqrafika, onun tarixi və nəzəriyyəsi haqqında bol məlumat verəcək. Müəllif kitabı artıq bir neçə ildir nəşrdən çıxardıb və pdf versiyanı açıq istifadə üçün paylaşıb. İnternetdən tapıb yükləyə bilərsiniz.

4. “Thinking with type”. Ellen Lupton.

Qrafik dizayn, tipoqrafika haqqında çoxsaylı kitablar müəllifi, təlimçi, yazarın ən güclü işlərindən biri. Tipoqrafika haqqında ən sistemli, ən güclü kitablardan birini yazmağı hədəfləyən müəllif buna nail olub. Kitabın dili çətin olmadığından ingilis dili biliyinin çox mükəmməl olması tələb olunmayacaq.

5. “Типографика”. Эмиль Рудер.

İsveçrə tipoqrafika məktəbinin ən parlaq simalarından biri olan Emil Ruderin mühazirə, eksperimentləri və şərhləri əsasında yazılmış bir kitab. Bəzən çox ağır gələ bilər. Müəllif dizaynda boşluq, forma, şrift mövzularını maraqlı obrazlarla, metaforalarla şərh edir. Bu dəyərli biliyi əldə etmək üçün kitabı yəqin ki, səbrlə bir neçə dəfə oxumaq lazım gələcək.

6. “Типографика. Шрифт, верстка, дизайн”. Джеймс Феличи

Tipoqrafika haqqında oxuduğum A-dan Z-yə çox detallı, bol informasiyalı kitablardan biri. Müəyyən hissələri yorucu olsa da dəyərli informasiyalarla dolu kitabdır.

7. “Шрифт в айдентике, рекламе, многостраничниках, упаковке, навигации и вебе”.

“Kak” jurnalının seriya kimi nəşr etdiyi 3 kitabdan biri. Kitabın yanaşması fərqlidir. Şriftin fərqli dizayn sahələrində tətbiqi ilə bağlı məqalə, şərh və real nümunələrlə doludur. Dili yox amma fiziki çəkisi çox ağırdır )

8. “Type Matters!”. Jim Williams.

Şəkil və az mətnli kitabları sevənlər üçün daha bir seçim. İzahatlar iri ölçülü şriftlərlə yazılıb. Nümunələrin də həcmi səhifələrin çox hissəsini zəbt edir. Ona görə nəqliyyatda hərəkət zamanı oxumağı sevənlər üçün ideal tərtib edilib. Qırmızı və qara rəngli boya, sarımtıl kağız kitaba orijinallıq qatır.

9. “Модульные системы в графическом дизайне”. Йозеф Мюллер-Брокманн.

İsveçrə tipoqrafika məktəbinin banilərindən biri olan Brokmanın yazdığı modul şəbəkəsi (setka, grid) haqqında fundamental məlumatlarla zəngin bir kitab. Yarım əsrdən çox vaxt keçsə də kitabda yazılanlar aktuallığını itirmir.

10. “Редактируем дизайном”. Ян Уайт.

Çoxsəhifəli nəşr dizaynı ilə maraqlananlar üçün ideal kitab. Müəllif daha çox qəzet, jurnal dizayn və redaktorluğunda ixtisaslaşdığı üçün kitab da bu sahənin tipoqrafik problemlərini əhatə edib. Maraqlı illustrativ eskizlər mövzunu anlamağa kömək edəcək. Bu kitab haqqında bloqumda uzaq keçmişdə rəy yazmışam. Həmin yazıdan kitab haqqında daha ətraflı oxuya bilərsiniz.

Siyahıdan əlavə bir kitabı xüsusi qeyd etmək istərdim — “Основы стиля в типографике” (Роберт Брингхерст).

Kitabı təxminən 5-6 il əvvəl almışam. O dövrdə oxuyanda çox ağır oldu. Başa düşdüm ki, oxuyub, qavramağa hələ hazır deyiləm. Sonradan da 1-2 cəhd etdim. Yenə də “Bir qalanın sirri” filmində Elşənin belindən kəmər düşdüyü kimi mənim də cəhdlərim uğursuz oldu. Bu il kitabı oxudum. 2 və ya 3 bölməni ötürdüm, bir neçə bölməni təkrar-təkrar vərəqlədim. Kitab tipoqrafika haqqında fəlsəfi, obrazlı, incə detallı şərhlər, texniki izahatlarla doludur. Ona görə tipoqrafika və ordakı terminlərlə “sən”lə danışmadıqca bunu oxuyub, həzm etmək çox çətindir. Yəqin ki, 5-6 aydan bir ona geri dönmək lazım gələcək. Görək kəmər belimizdə nə vaxt duracaq )

Siyahını əslində çox uzatmaq olar. Xüsusuən Yan Çixoldun kitabları yəqin ki, bu siyahıya düşməli idilər. Amma onlara hələki heç cür növbə çatmır. Türk dilində olan “Grafik tasarım temelleri” setində olan tipoqrafika haqqında kitabı bura əlavə etmədim. Sistemli deyil, bol nəzəri informasiya vermir, daha çox real dizayn işlərinin şərhinə yer verilib. Onluqdan hər hansı bir kitabın yerinə əlavə edə bilməzdim.

Tipoqrafika haqqında yazılara çox geniş fasilələrlə də olsa davam edirik. Bu fasilənin, intervalın azalacağına ümidlərim çoxdur. Allaha əmanət!

son yazılarım