01. Tipoqrafika yoxsa tipoqrafiya?

müəllif: Rizvan Bağırlı
26 Aprel 2020
tipoqrafika termini

Tipoqrafikaya həsr etdiyim kiçik həcmli məqalələr seriyasının ilk mövzusu elə bu terminin düzgün yazılışı (deyilişi) haqqında olacaq. Termin niyə bəzən tipoqrafika deyil, tipoqrafiya formasında ifadə edilir?

Uzun fasilədən sonra bloqu canlandırmağın vaxtı çoxdan çatmışdı. Bu dəfə məqalələri qarışıq mövzular əsasında tərtib etməkdənsə müəyyən bir istiqamət üzrə yazmağa qərara aldım. Seçdiyim mövzu — tipoqrafika. Sırf bu mövzu son vaxtlar aktiv araşdırdığım sahə olduğu üçün seçimim belə oldu. Tipoqrafika sahəsində qısa həcmli məqalələr seriyası yazmaqla, bu sahədə olan savadsızlığı müəyyən qədər azaltmağa çalışaq. Seriya kimi planladığım bu məqalələrin nə qədər davam edəcəyini indidən proqnoz vermək çətindir. Ən azından məqalənin başında sıra nömrəsi qoydum ki, sıralama stimul yaratsın.

İlk məqalə üçün tipoqrafika ilə bağlı maraqlı bir mövzu seçmişdim. Amma son anda planı dəyişdim. Çünki bu sahəni tipoqrafika deyil, tipoqrafiya adlandıran dizaynerlərimiz az deyil. Bu mövzuya birdəfəlik açıqlama gətirib, sonra digər mövzulara keçmək məntiqli olardı.

Bir termini, sözü araşdırmaq üçün yəqin ki, ilk müraciət edəcəyimiz mənbə dilimizin izahlı lüğəti ola bilər. Bu lüğətdə tipoqrafiya sözünə baxdıqda nəticə belə olur:

tipoqrafiya : [yun. typos və grapho] bax mətbəə.

Elə burdan da davam edə bilərik. Dilimizdə olan, nisbətən gənc elmi sahələrə aid olan terminləri əsasən rus dilindən almışıq. Çünki bir əsrə yaxın bu dil öz qaydalarını bizə diktə edib. Rus dilində типография — mətbəə, типографика — bizə maraqlı olan, mətnin tərtibatı ilə bağlı olan sahənin adıdır. Tipoqrafika terminini növbəti məqalədə şərh edəcəyimizə görə geniş izahat vermədən davam edək.

Niyə bizdə bəzi həmkarlarımız tipoqrafika əvəzinə tipoqrafiya termini istifadə edirlər. Bunun səbəbkarı terminin ingilis və türk dillərində səslənmə forması ola bilər. İngilis dilində — typography, türkcə tipografi yazılışı (və müvafiq deyilişi) terminin sonluğunu bizim dildə müzakirə mövzusuna çevirir. Burdan bir nəticə çıxmadığına görə belə terminləri əldə etdiyimiz rus dilinə və dilimizin izahlı lüğətinə təkrar geri dönək. Niyə izahlı lüğət bizi “mətbəə” sözünə yönləndirir?

Rus dilində mətbəə iki terminlə ifadə edilir — tipoqrafiya və poliqrafiya. Bura qədər gəlmişkən bu iki anlayışın bir-birindən fərqinə nəzər salıb mövzsunu yekunlaşdıraq. Poliqrafiya qəzet, jurnal, etiket, qablaşdırma, işgüzar sənədlər və s. çap məhsullarının hazırlanması ilə məşğul olan sənaye sahəsidir. Poliqrafiyaya nəzərən tipoqrafiya daha geniş bir sahədir. Belə ki, tipoqrafiyada çapdan başqa, çapa qədərki hazırlıq və çapdan sonrakı emal işləri də görülür. Burada çapa qədərki hazırlıq dedikdə çap formalarının, klişelərin, basqı ştamplarının və hazırlanması nəzərdə tutulur. Çapdan sonrakı emal işləri isə sancaqlı və kleyli tikmə, yapışdırma, üzləmə, metal və laklı basqılar və s. proseslərdən ibarətdir.

Çox maraqlıdır ki, izahlı lüğətdə tipoqrafika sözünü axtaranda heç bir nəticə çıxmır. Qrafik dizayn bizim üçün çox yeni sahədir. Buna görə terminlərimizin lüğətimiz səviyyəsində tanınmaması hələlik normal qəbul edilə bilər. Ümid edək ki, çox keçmədən dilimizin izahlı lüğətində belə tipoqrafika termini öz əksini tapar. Bunun üçünsə bizim də bu sahənin adını vaxtaşırı tipoqrafiya deyil, hər zaman tipoqrafika olaraq adlandırmağımız şərtdir.

son yazılarım